Bərdə İdarəetmə və Texnologiya Kollecində Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub
Bərdə, 25 fevral, AZƏRTAC
Bərdə rayonunda Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Bərdə İdarəetmə və Texnologiya Kollecində təşkil edilən tədbirdə kollecin tələbələri, rayonun fəal gəncləri iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, İctimai Televiziyanın Qarabağ bölgəsi üzrə müxbiri, müharibə veteranı Şöhrət Eyvazov, gənclər və idman idarəsinin məsləhətçiləri Aydın Qasımov və Yusif Musayev çıxış edərək, 24 il əvvəl erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnika və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etməsindən, dinc əhaliyə qarşı törədilən kütləvi qırğından, həyata keçirilən vəhşiliklərdən danışıblar. Bildirilib ki, Xocalıda baş verən qətliam bəşər tarixində bənzəri olmayan faciədir.
Çıxışlarda qəhrəman oğullarımızın Vətənimizin müdafiəsindəki şücaətindən də bəhs edilib, bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyəti yüksək qiymətləndirilib.