Bərdəlilər Türkiyəyə yardım aksiyasına qoşulublar
Gəncə, 13 fevral, Elcan Məmmədov, AZƏRTAC
Türkiyəyə göndərilən humanitar yardım aksiyasına Bərdə rayonu da qoşulub. Rayondan göndərilən yardım fevralın 13-də Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Bərdə rayon icra hakimiyyəti başçısının müavini İlham Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, humanitar yardımın içərisində 14 tona yaxın ərzaq məhsulları var. Həmçinin yorğan-döşək, isti geyimlər, qızdırıcı qurğular və generatorlar da göndərilib.
Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.