BERLİN AVROPA AKADEMİYASINDA “AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ VƏ XƏZƏR HÖVZƏSİ” MÖVZUSUNDA ELMİ TƏDBİR KEÇİRİLMİŞDİR
Rizvan Nəbiyev məruzəsində ümumilikdə Xəzər hövzəsinin, o cümlədən Azərbaycanın karbohidrogen ehtiyatları, onların nəqli yolları və əsas ixrac marşrutu kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Azərbaycanın xarici enerji şirkətləri ilə imzaladığı müqavilələr barədə danışmış, Avropanın neft və qazla təminatında Xəzər bölgəsinin alternativ enerji idxalı mənbəyi kimi mühüm rolunu qeyd etmişdir. O, Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti adlı strateji sənədinin mühüm bəndlərindən birinin məhz enerji sahəsində əməkdaşlığı ehtiva etməsinin təsadüfi olmadığını xüsusi vurğulamışdır.
Diplomat məruzədən sonra iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır. Rizvan Nəbiyev “The Wail Street Journal” jurnalının müxbiri David Grafforda müsahibəsində bildirmişdir ki, “dövlətlərarası münasibətlər qarşılıqlı məhəbbətin deyil, strateji maraqların üzərində qurulur. Bəzi mətbu orqanların yazdığının əksinə olaraq, Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlər lazımi səviyyədə inkişaf edir və əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlıq hətta bəzi sahələrdə təşkilatlandırılmışdır. Məsələn, GUAM çərçivəsində əməkdaşlıq illərdən bəri uğurla inkişaf edir”. O demişdir ki, dünyanın 16 dövlətinin 30-dan çox enerji şirkəti 10 ildən artıqdır Azərbaycan hökuməti ilə problemsiz, uğurlu, qarşılıqlı surətdə faydalı əməkdaşlıq edir.