İQTİSADİYYAT
Beş KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
![Beş KOB subyektinə “Startap” şəhadətnaməsi verilib](/files/2023/1/1200x630/16811295184908532148_1200x630.jpg)
Bakı, 10 aprel, AZƏRTAC
İndiyədək 90-dan çox mikro və kiçik sahibkarlıq subyektinə onları innovasiya fəaliyyətindən əldə edilən gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, daha 5 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 91-ə çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnamələri "Blink-Bİ" MMC-nin “Blink Business İntelligence” Müəssisə Resurslarının Planlaşdırılması üzrə proqram təminatı, "ND Opinions” MMC-nin “Autoreport” ikinci əl avtomobillər üçün məlumat bazası, “Frisaga” MMC-nin turizm və səyahət sahəsində xidmətlər təklif edənlər üçün onlayn platforması, "BlackOne" MMC-nin məhsul və xidmətlər üçün onlayn platforması və "BJ Technology" MMC-nin laboratoriyada istifadə edilən “HPLC” kolonlarının istehsalı və satışı layihələri üçün təqdim olunub.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən qazandıqları gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.