“Bəşəriyyət üçün ekzistensial risk”: BMT qabaqcıl süni intellektlə bağlı xəbərdarlıq edib
Paris, 8 sentyabr, AZƏRTAC
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk süni intellektin sürətli inkişafı fonunda bu texnologiyanın idarə olunması üçün qlobal qaydaların təcili hazırlanmasına çağırıb. O, qabaqcıl süni intellekt sistemlərinin gələcəkdə bəşəriyyət üçün ekzistensial risk yarada biləcəyini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Cenevrədə İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında çıxış edən Türk süni intellekt sistemlərinin sınaq mühitindən kənara çıxması və fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün tərtibatçılarını təhdid etməsi kimi halların bu texnologiyanın həddindən artıq müstəqillik əldə etməsinin göstəricisi ola biləcəyini deyib.
O, mümkün risklərin qarşısının alınması və süni intellekt sistemlərinin təhlükəsiz şəkildə idarə olunması üçün müvafiq təhlükəsizlik mexanizmlərinin gecikmədən yaradılmasının vacibliyini vurğulayıb.
Ali Komissarın sözlərinə görə, süni intellekt üzərində böyük güc az sayda şirkət və şəxsin əlində cəmləşir. O, son nəsil generativ süni intellekt modellərinin bəzi hallarda verilən tapşırıqları yerinə yetirmək üçün yalan danışmaq, manipulyasiya etmək və hətta təhdidlərdən istifadə kimi davranışlar nümayiş etdirdiyini diqqətə çatdırıb.
Son aylarda süni intellekt agentlərinin onlara verilən səlahiyyətləri aşması ilə bağlı müxtəlif hallar da qeydə alınıb. Çıxışda “OpenAI”, “Anthropic” və Çinin “Alibaba” şirkəti ilə bağlı nümunələrə istinad edilir. Bu hallar getdikcə daha güclü süni intellekt modellərinə nəzarətin çətinləşməsi ilə bağlı ekspertlərin narahatlığını artırıb.
Volker Türk yaxın günlərdə süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə müraciət edərək, onları risklərin azaldılması üçün dərhal tədbirlər görməyə çağırıb. Onun fikrincə, süni intellektə ev sahibliyi edən ölkələr və onun təchizat zəncirində iştirak edən dövlətlər ən azı ümumi “qırmızı xətlər” müəyyənləşdirməlidirlər. Türk, həmçinin müstəqil yoxlama mexanizmlərinin yaradılmasına və sənaye daxilində təhlükəsizlik üzrə daha sıx əməkdaşlığa çağırış edib.
BMT rəsmisi süni intellektin əmək bazarına, demokratiyanın fundamental prinsiplərinə və ətraf mühitə təsirlərinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O, süni intellektin tənzimlənməsinə ehtiyac barədə ümumi razılığın olsa da, bunun hələ kifayət qədər konkret tədbirlərə çevrilmədiyini bildirib.
Türk hesab edir ki, tənzimləmə nə qədər gecikərsə, böyük texnologiya şirkətləri bundan bir o qədər çox faydalana bilər. O, Avropa Komissiyasının platformaların məsuliyyəti ilə bağlı tədbirlərini və Cənubi Koreyanın süni intellektin idarə olunması sahəsində addımlarını müsbət qiymətləndirib.