Bəstəkar Aqşin Əlizadənin 74 yaşı tamam olmuşdur
Bakı, 23 may (AZƏRTAC). Mayın 23-də görkəmli bəstəkar, Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Aqşin Əlizadənin 74 yaşı tamam olmuşdur.
Aqşin Əlizadə 1937-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmişdir.
Hələ tələbə ikən yazdığı sonata və simfoniya “Zaqafqaziya Baharı” festivalında birinci dərəcəli diploma layiq görülmüşdür. Yaradıcılığının ilk anlarından başlayaraq musiqi üzrə mütəxəssislər onun yaradıcılıq texnikasının özünəməxsusluğu, çoxçeşidli olması ilə seçildiyini qeyd etmişlər.
Azərbaycanda çəkilən 42 bədii, sənədli və cizgi filminin musiqisi Aqşin Əlizadənin adı ilə bağlıdır: “Ötən ilin son gecəsi”, “Sizi dünyalar qədər sevirdim”, “Tütək səsi”, “Təkcə adanı özünlə apara bilməzsən” və s. filmlərin uğur qazanmasında onun musiqisinin böyük rolu olmuşdur.
“Babək”, “Natəvan” baletləri, “5-ci simfoniya”, “Xor üçün bayatı”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd süitası”, “Qədim oyunlar”, “Dastan” kimi musiqi əsərləri bəstəkara respublikamızdan xaricdə də populyarlıq qazandırmışdır.
Aqşin Əlizadənin əsərləri ABŞ, İngiltərə, İsveçrə, Kuba, Fransa, Türkiyə, keçmiş Sovet İttifaqının bir çox respublikalarında ifa olunmuşdur.
O, 1979-cu ildə Bəstəkarlar İttifaqı idarə heyətinin katibi seçilmiş, 1985-1990-ci illərdə isə həmin qurumun birinci katibi olmuşdur.
1963-cü ildən yaradıcılıqla yanaşı, pedaqoji və elmi fəaliyyətlə də məşğuldur, professordur. Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatıdır, “Şöhrət” ordeni ilə təltif olunmuşdur.