BƏSTƏKARIN YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR
Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun hələ ötən əsrin 40-cı illərində sevimli tələbəsi, xalq artisti Şəfiqə Axundovanın yaradıcılığını qiymətləndirən bu yüksək fikirləri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli sənətkarın anadan olmasının 80 illiyi münasibətilə keçirilmiş yubiley gecəsində bir daha səslənmişdir.
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə çıxış edən mədəniyyət naziri Polad Bülbüloğlu və digər natiqlər Şəfiqə Axundovanı təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.
Musiqinin müxtəlif janrlarında yazıb-yaradan Şəfiqə Axundova daim respublika teatrları ilə sıx əlaqə saxlamış, onların səhnələrində tamaşaya qoyulmuş onlarla əsərə bir-birindən fərqli melodik və orijinal musiqilər yazmışdır. Şəfiqə Axundova respublikada ilk azərbaycanlı qadın bəstəkardır ki, klassik muğamlardan, xalq musiqisindən, simfonik musiqi imkanlarından ustalıqla istifadə edərək “Gəlin qayası” kimi emosional bir opera yazmışdır.
Xalq artisti Şəfiqə Axundova yaradıcılığına göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
Axırda respublika incəsənət ustalarının ifasında görkəmli bəstəkarın mahnıları, romansları, operetta və operalarından parçalar səslənmişdir.