Bəstəkarlar İttifaqında Ulu Öndərin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Bəstəkarlar İttifaqında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə açaraq Ulu Öndərin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Xalq artisti Ulu Öndərlə bağlı xatirələrindən danışaraq bildirib ki, vaxtilə Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin təşəbbüsü ilə keçirilən “Cümə konsert”lərində şəxsən iştirak etmiş və həmin konsertlərdə Heydər Əliyevin musiqi mədəniyyəti, Azərbaycan bəstəkarları və eyni zamanda, klassik musiqi irsi ilə bağlı fikirlərini dinləmişdi. Qeyd edib ki, məhz Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan Bəstəkarlar İttifaqı bu tarixi yubileyi özünün bir töhfəsi ilə həyata keçirib. Bu da Bəstəkarlar İttifaqı tərəfindən nəşr olunan “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabıdır ki, burada da Heydər Əliyevin musiqi mədəniyyətinə olan qayğısı, diqqəti, musiqiçilərlə görüşləri, Azərbaycan bəstəkarlarına etdiyi tövsiyələr öz əksini tapıb.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Heydər Əliyevlə bağlı eşitdiyi xatirələrdən bəhs edərək rəssamlara göstərdiyi diqqəti də vurğulayıb. Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov və İdarə Heyətinin digər üzvləri “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının ideya-müəllifi Firəngiz Əlizadə, tərtibçi-müəllif, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Səadət Təhmirazqızı da çıxış edərək kitabın Azərbaycan mədəniyyəti üçün böyük töhfə olduğunu vurğulayıblar və çıxışlarında dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anıblar.