BƏXTİYAR VAHABZADƏNİN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLMİŞDİR
Elmi ictimaiyyətın, ziyalıların iştirakı ilə akademiyanın əsas binasında gerçəkləşən tədbiri institutun direktoru, akademik Bəkir Nəbiyev açaraq, görkəmli sənətkarın çoxşaxəli yaradıcılığının bəzi məqamları üzərində dayanmışdır. Azərbaycan poeziyasında vətənpərvərlik və vətəndaşlıq ruhunun qüvvətlənməsində, şeirimizin sənətkarlıq imkanlarının genişlənməsində, təsir dairəsinin vüsət almasında Bəxtiyar Bahabzadənin əvəzsiz ximətlərini vurğulayan natiq bildirmişdir ki, bu böyük xalq şairinin fəlsəfi məzmunlu lirikası, insan talelərinin güzgüsü olan poemaları, həyati konfliktlər üzərində qurulmuş pyesləri, ədəbiyyatımızın vacib problemlərindən bəhs edən monoqrafiya və məqalələri, mühüm ictimai, mənəvi-əxlaqi məsələlərə dair publisist yazıları ədəbi həyatımızın qiymətli nümunələri kimi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda müəllifinə böyük şöhrət qazandırmışdır.
B.Nəbiyev onu da diqqətə çatdırmışdır ki, B.Vahabzadənin alovlu şeirləri və ictimai fəaliyyəti Azərbaycan xalqının milli özünüdərkində, dövlət müstəqilliyimizin əldə olunmasında mühüm rol oynamışdır.
Professor Şamil Salmanov “Böyük yaradıcılıq yolu” mövzusunda məruzə söyləmiş, filologiya elmləri doktorları Vaqif Arzumanov, Məhərrəm Qasımlı, habelə Azərbaycan Tibb Universitetinin dosenti Akif Miriyev, Masallıdan gəlmiş İkinci dünya müharibəsi iştirakçısı Adəm Qızılbaşlı, şair Bəşir Kəsərli və başqaları yubilyarı təbrik etmişlər.