Beyləqanda qadın kooperativlərinin nəzdində cücə-inkubator sexləri açılıb
Beyləqan, 2 iyun, AZƏRTAC
Beyləqan rayonunun Birinci Aşıqlı kəndində fəaliyyət göstərən "Gülşən" və "Elat" qadın kooperativlərinin nəzdində yaradılmış cücə-inkubator sexlərinin açılışı olub. Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin Birinci Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin, Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri, “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi iştirakçıları, kənd sakinləri, fermerlər, Bərdə, Füzuli və Ağdam rayonunda fəaliyyət göstərən qadın kooperativlərinin sədrləri və digər qonaqlar yeni yaradılmış sexlərlə tanış olub, burada qurulmuş inkubasiya avadanlıqlarının fəaliyyəti barədə məlumat əldə ediblər. Bildirilib ki, sexlərdəki avadanlıqlar Aqrar Tədarük və Təchizat ASC-nin icra etdiyi AFAQ layihəsi və hər iki kooperativin daxili resursları hesabına təşkil olunmaqla yerli quşçuluq təsərrüfatlarının inkişafına dəstək verəcək, keyfiyyətli cücə istehsalının artırılmasına və kənd ailələrinin gəlir imkanlarının genişlənməsinə şərait yaradacaq.
Tədbirdə çıxış edən Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov qadınların kənd təsərrüfatında və sahibkarlıq fəaliyyətində rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu təşəbbüs kənd qadınlarının iqtisadi fəallığının artırılmasına və kooperativ fəaliyyətinin genişlənməsinə mühüm töhfə verəcək. Çıxış edənlər onu da vurğulayıblar ki, qadınların rəhbərlik etdiyi təsərrüfat və kooperativlərin sayının artması regionlarda məşğulluğun genişlənməsinə, ailə təsərrüfatlarının güclənməsinə və kənd icmalarının sosial-iqtisadi rifahının yüksəlməsinə müsbət təsir göstərir. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən layihələr gələcəkdə daha geniş miqyasda davam etdirilməlidir.
Qonaqlar yeni yaradılmış istehsal sahələrinə baxış keçiriblər.
Açılış mərasimi BMT Baş Assambleyasının elan etdiyi "2026 – Beynəlxalq Fermer Qadın İli" təşəbbüsünün məqsədlərinə uyğun olaraq qadın fermerlərin dəstəklənməsi və onların kənd təsərrüfatındakı rolunun təşviqinə həsr olunub.
Müxbir – Tahir Ağaməmmədov