ELM VƏ TƏHSİL
Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru AMEA-da olub
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Ariko ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli COP29-da dünyamızın gələcəyi üçün vacib qərarlar qəbul ediləcəyini, o cümlədən elm sahəsində bir sıra müzakirələr aparılacağını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin imkanlarından iqlim dəyişiklikləri kimi qlobal problemlərin həllində istifadə edilə biləcəyini söyləyib, bu və digər istiqamətlərdə AMEA-nın ISC ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb, təklif və mülahizələrini səsləndirib.
ISC-nin baş icraçı direktoru professor Salvatore Ariko təmsil etdiyi təşkilat barədə məlumat verib. O bildirib ki, 2018-ci ildə yaradılmış ISC beynəlxalq səviyyədə elmin inkişafı və inteqrasiyası üçün çalışan ən böyük qurumlardan biridir və təşkilat elmin cəmiyyətə töhfəsini artırmağı qarşısına məqsəd qoyub. Vurğulayıb ki, elmin təşviqi və inkişafına dəstək, elmi bilikləri daha geniş kütləyə çatdırmaq və bu biliklərin istifadəsini stimullaşdırmaq Beynəlxalq Elmi Şuranın əsas hədəflərindəndir. ISC-nin tərkibində dünyanın 140-dan çox ölkəsindən 250-dən artıq akademiya, elmi birlik, milli və beynəlxalq elmi təşkilat yer alır. Bu qurumlar bir araya gələrək qlobal elmi proqramlar hazırlayır, BMT və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edərək onlara qlobal problemlərin həlli üçün lazımi resurslar təklif edirlər.
AMEA-nın təşkilata üzv olmasından və birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirən professor Salvatore Ariko dəqiq və təbiət elmləri ilə yanaşı, humanitar və ictimai elmlər sahəsində də akademiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib, qurumlararası birgə əməkdaşlıq təkliflərini diqqətə çatdırıb.
O, akademik İsa Həbibbəylinin görüşdə səsləndirdiyi təkliflərin ISC-nin 2025-ci il yanvarın 26-30-da Omanın paytaxtı Maskat şəhərində keçiriləcək Baş Assambleyasının iclasında üzv ölkələrin elmi qurumlarının birgə iştirakı ilə müzakirəyə çıxarılacağını vurğulayıb.
Görüşdə Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru, Beynəlxalq Elmi Şuranın ilk katibi olmuş professor Alik İsmayılzadə və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Esmira Əlirzayeva da iştirak ediblər.