Beynəlxalq Festival: Taekvondoçularımız növbəti mərhələyə adlayıblar
Yekaterinburq, 29 avqust, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, taekvondoda ölkəmizi təmsil edən Vaqif Hacıyev (68 kiloqram) vyetnamlı Le Xuana 2:0, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz İsgəndərov isə rusiyalı Kim Kirillə 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
68 kiloqramda yarışan Vaqif Hacıyev Vyetnamın digər təmsilçisi Dao Duku 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bununla da o, ən azı bürünc medalı təmin edib. Eyni uğura 80 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov da imza atıb. O, 1/4 finalda nigeriyalı Ezeanvu Villiamı üstələyib - 2:0.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.