Beynəlxalq Kitab Sərgisi: AZƏRTAC-ın stendini Mixail Qusman və Reza Deqati ziyarət ediblər
Bakı, 12 noyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində davam edən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günündə də ictimai xadimlər AZƏRTAC-ın stendi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də stendi TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev, məşhur fotoqraf Reza Deqati və başqaları ziyarət edib.
Ziyarət zamanı Mixail Qusman müəllifi olduğu kitabı AZƏRTAC-a hədiyyə edib.
Reza Deqati isə ziyarət zamanı AZƏRTAC-la əməkdaşlıqdan hər zaman böyük məmnunluq duyduğunu vurğulayıb.
Stendi ziyarət edən qonaqlara AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, beynəlxalq tədbirin tərəfdaşı olan AZƏRTAC sərgidə öz stendi ilə iştirak edir.
Noyabrın 15-dək davam edəcək 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilir.