Beynəlxalq Kitab Sərgisində "Qurtuluş Osman” və “Ərtoğrul bəy və Qayılar” kitablarının təqdimatı olub
Bakı, 13 noyabr,AZƏRTAC
IX Beynəlxalq Kitab Sərgisində məşhur türkiyəli yazıçı Ufuk Tufana məxsus “Qurtuluş Osman” və “Ərtoğrul bəy və Qayılar” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab Qayı elinin qədim Türküstan torpaqlarından başlayaraq Domanisə qədər uzanan köç səfərlərindən bəhs edir. Gənclər üçün maraqlı məzmunu ilə seçilən "Quruluş Osman" tarixi romanı Osman Qazi-nin 1258-ci ildə başlayaraq 1326-cı ildə sona çatan dastana bənzər həyatını bütün təfərrüfatı ilə oxuculara təqdim edir.
Tədbirdə qeyd olunub ki, TİNG nəşriyyat evi eyni yazıçının müəllifi olduğu “Dədə Qorqud” dastanından təsirlənərək yazdığı “Bamsı Beyrək divlər ölkəsində” adlı macəra dolu vətən sevgisini və bir çox müsbət mənəvi keyfiyyətləri aşılayan nağıl kitabını dərc edib. Həmçinin “BanuÇiçək pərilər diyarında” adlı nikbinlik daşıyan nağıl kitabını da nəşr edib. Bu kitablar oxucularına dərin tarixi olan keçmişimizdən dəyərli bilgilər verir.
Tədbirin sonunda romanı oxuyan gənclər arasında sual cavab keçirilərək onlara kitablar hədiyyə edilib.