BEYNƏLXALQ OZON QATININ MÜHAFİZƏSİ GÜNÜ İLƏ ƏLAQƏDAR BMT BAŞ KATİBİNİN MÜRACİƏTİ YAYILMIŞDIR
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-sı Beynəlxalq Ozon Qatının Mühafizəsi Günüdür.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən AZƏRTAC-a bildirmişlər ki, BMT-nin Baş katibinin bu gün münasibətilə müraciəti yayılmışdır.
Müraciətdə deyilir ki, bu il Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü ətraf mühitlə bağlı qarşıya qoyulmuş məqsədlərə doğru irəliləyərkən səmərəli idarəçiliyin oynadığı rolun əhəmiyyətini vurğulayır. Ümumiyyətlə, ətraf mühitin qorunmasına dair razılaşmaların müvəffəqiyyətlə həyata keçirilməsi üçün geniş baza, aydın məqsədlər və problemin həllinə mərhələli yanaşma tələb olunur.
Vurğulanır ki, 1987-ci ildə Monreal Protokolu imzalandığı zaman heç bir hökumət ozondağıdıcı maddələrin istehsalından mərhələli şəkildə imtina edəcəyini təxmin etmirdi. Bununla belə, milli və qlobal səviyyədə öhdəliklərə ciddi şəkildə riayət olunması nəticəsində Monreal Protokolunun tərəfləri belə zərərli kimyəvi maddələrin istehsal və istifadəsini 98 faiz azalda bilmişlər. Bundan əlavə, ozon qatını dağıdan kimyəvi maddələr, eyni zamanda, istixana effekti yaradan qazlar olduğuna görə bu Protokol iqlim dəyişmələri ilə mübarizədə də faydalıdır. Bu günə qədər Protokol 135 milyard ton karbon qazına ekvivalent istixana effekti yaradan qazların havaya buraxılmasının qarşısını almışdır və bu sahədə mühün rol oynamaqda davam edir.
Müraciətin sonunda Baş katib Monreal Protokolunun tərəflərini bu modeli qoruyub saxlamağa və ətraf-mühitlə, xüsusilə də iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə kömək etmək üçün birgə fəaliyyət yolları axtarmağa səsləyir. “Gəlin davamlı inkişaf və bəşəriyyətin rifahına təhlükə yaradan ətraf mühit problemlərini azaltmaq üçün ozon qatı və iqlimlə bağlı mövcud sazişlərdə öz əksini tapmış idarəçilik alətlərindən istifadə edək”,-deyə vurğulayır.