BEYNƏLXALQ TƏŞKİLATLA ƏLAQƏ QURULUR
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Fərhad Əliyev Beynəlxalq Ticarət Mərkəzinin məhsul və bazar şöbəsinin direktoru cənab P.Uoltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir F.Əliyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatlar barədə qonaqlara geniş məlumat vermiş, ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik nəticəsində ardıcıl iqtisadi inkişafa nail olunduğunu vurğulamışdır. Beynəlxalq Ticarət Mərkəzinin ÜTT nəzdində fəaliyyət göstərən qurum olduğunu nəzərə alaraq, nazir Azərbaycanın ÜTT-yə daxil olması ilə əlaqədar görülən işlərdən danışmış, bu mötəbər quruma üzv olmağın Azərbaycan üçün əhəmiyyətini qeyd etmişdir.
Görüşdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının vacibliyi vurğulanmış, Azərbaycan hökumətinin bu sahəyə göstərdiyi diqqət və qayğının artırıldığı bildirilmişdir.
Elektron ticarətin inkişafı, informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə bağlı məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.
Görüşdə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları üzrə ixrac imkanlarının daha da genişləndirilməsi, beynəlxalq bazarlara çıxması üçün potensial imkanları olduğu qeyd edilmişdir.
Görüşdə “Azərbaycan Respublikasında İKT-nin inkişafı üzrə milli strategiyanın hazırlanması və onun ilkin tətbiq edilməsi” texniki yardım layihəsinin milli koordinatoru, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisləri iştirak etmişlər.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti