ELM VƏ TƏHSİL
Beynəlxalq Türk Akademiyası Qazaxıstan Milli Akademik Kitabxanası ilə memorandum imzalayıb
Bakı, 3 iyul, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Astanada Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasının direktoru Qazizə Kudaybergenkızı ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Şahin Mustafayevə kitabxana fondu və türkologiya sahəsində aparılan elmi araşdırmalar haqqında məlumat verilib. Türkologiya sahəsinə aid kitabları və nadir dərslikləri diqqətə çatdıran kitabxananın direktoru Q.Kudaybergenkızı qeyd edib ki, bu qiymətli fondlar türk dillərini və yazılı mətnləri öyrənmək imkanı yaradır.
Akademik Şahin Mustafayev gələcəkdə türkologiya sahəsinə aid kitabların elektron variantlarının və kataloqlarının yaradılması işinə töhfə verməyə hazır olduğunu bildirib.
Görüşdə iki qurum arasında elmi əməkdaşlıq imkanları, o cümlədən birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib, qarşılıqlı əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib. Həmçinin tərəflər əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Anlaşma memorandumuna əsasən, birgə elmi fəaliyyətlər təşkil etmək, seminar və treninqlər keçirmək, həmçinin mühüm məlumat, təcrübə və kitab mübadiləsi aparmaq nəzərdə tutulur.