BEYNƏLXALQ VALYUTA FONDUNDA AZƏRBAYCAN SƏRGİSİ
Sərginin təşkili ideyası, demək olar ki, təsadüf nəticəsində yaranmışdır. Gənc rəssam Şahin Şıxəliyevin işlərini Vaşinqtondakı qalereyaların birində görən Beynəlxalq Valyuta Fondunun nümayəndəsi onlarla maraqlanmışdır. O, dərhal Fondun İncəsənət Cəmiyyəti ilə əlaqə saxlayıb təəssüratını bölüşmüşdür. Cəmiyyət isə, öz növbəsində, ABŞ-Azərbaycan Ticarət Palatasına birgə layihə ilə çıxış etmək təklifi vermişdir. Əsərlərin seçilməsi və onların Azərbaycandan gətirilməsinə Bakıdakı Qız qalası qalereyası yardım etmişdir.
Təntənəli açılış mərasiminə Beynəlxalq Valyuta Fondunun baş direktoru Rodriqo de Rato gəlmişdir. Cənab de Rato çıxışında rəssamlarımızın işlərini çox bəyəndiyini bildirmişdir. Qonaqlar arasında BVF-nin Azərbaycan üzrə icraçı direktoru Frits Zubruq, ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev də var idi. Səfir Paşayev giriş sözündə Azərbaycan ədəbiyyatı və incəsənətinin Vaşinqton kimi siyasi mərkəzdə getdikcə məşhurlaşdığını vurğulamışdır.
Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin icraçı direktoru Seymur Xəlilov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, bu sərgi bizim adi auditoriyadan bir qədər fərqli tamaşaçılar üçündür. Sərgi Beynəlxalq Valyuta Fondunda keçirildiyi üçün, tamaşaçılar arasında həm BVF-nin, həm Dünya Bankının, həm də digər beynəlxalq və diplomatik dairələrin nümayəndələri var.
BVF-nin Azərbaycan üzrə icraçı direktoru Frits Zubruq isə demişdir: “Sevindirici haldır ki, Beynəlxalq Valyuta Fondundakı həmkarlarım və vaşinqtonlular Azərbaycan mədəni irsinin bir parçası ilə tanış olacaqlar. Bizim maliyyə təsisatının 180-dən artıq üzvü var. Avropa ölkələrinin mədəniyyətini, adətən, muzeylərdə də görə bilərsiniz. Lakin Azərbaycan incəsənətini görmək nadir imkandır”.
Sərgi sentyabrda BMT Baş Məclisinin sessiyası zamanı Nyu-York şəhərində də nümayiş etdiriləcəkdir. Təşkilatçılar inanırlar ki, müasir Azərbaycan incəsənəti BMT-nin toplantısına gələn geniş beynəlxalq auditoriyanı da laqeyd qoymayacaqdır.