BƏZƏN PARALEL XƏTLƏR DƏ KƏSİŞİR
Berlin, 21 may (AZƏRTAC). ATƏT-in Minsk qrupunun Fransadan və Rusiyadan olan həmsədrlərinin Türkiyəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, onların dediyi kimi, “qarışmamağa” çağırması, ən azı qəribə görünür. Xatırladaq ki, Türkiyədə çıxan “Hürriyyət” qəzetinin yazdığına görə, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye Ankaraya səfəri zamanı demişdir: “Ankara ilə Yerevan arasında danışıqlar prosesi və Qarabağ münaqişəsinin həlli paralel proseslərdir, həndəsənin qanunlarına görə isə paralel xətlər heç zaman kəsişmir, halbuki bu iki proses arasında müəyyən qarşılıqlı əlaqə mövcuddur. Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər. Lakin bu iki prosesin “qarışdırılması” vəziyyəti çətinləşdirər. Odur ki, indi, beynəlxalq ictimaiyyətin güzəştli qərarlara nail olmaq məqsədi ilə münaqişə tərəflərinə təzyiqi artırdığı bir vaxtda Ankaranın bu iki prosesi bir-biri ilə əlaqələndirməməsi daha yaxşı olar. Ermənistan qoşunlarının qısa müddətdə çıxarılması mümkün deyildir, çünki bütün xırda məqamların hərtərəfli həlli vacibdir. Biz göydən ulduz qoparmaq niyyətində deyilik, biz yalnız hazırkı məqamda həlli mümkün məsələləri həll etməyə çalışırıq. İndi ATƏT-in Minsk qrupu tərəflərin “kazus belli” hüququnu pozmayan müvəqqəti status təklif edir. Dağlıq Qarabağın gələcək statusu bir qədər sonra müəyyən ediləcəkdir”.
Fasyenin terminologiyasından istifadə etsək, deyə bilərik ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinə “qarışmaya” bilməz. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən fərqli olaraq, Türkiyə hər iki münaqişə tərəfi ilə həmsərhəddir və təbii ki, münaqişənin beynəlxalq hüquq və onun əsasında qəbul olunmuş sənədlər və qətnamələr çərçivəsində tezliklə həllində daha çox maraqlıdır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin dərhal yerinə yetirilməsi və Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələbi təkcə Türkiyənin deyil, həm də BMT-nin üzvü olan bütün dövlətlərin suveren hüququdur (və hətta vəzifəsidir)! Beynəlxalq hüquqa riayət olunmasını tələb edən Türkiyəni deyil, bu hüquqa məhəl qoymayan Ermənistanı qınamaq lazımdır. Türkiyə regionun digər dövlətinin ərazisini işğal altında saxlayan ölkə ilə münasibətləri yaxşılaşdıra və sərhədləri aça bilməz. Siyasi həndəsədə bəzən paralel xətlər də kəsişir. Əks halda, 1939-cu ildə müttəfiqlər Polşaya hücum etmiş Hitler Almaniyasına qarşı müharibə elan etməzdilər. Fasyenin məntiqinə görə, Hitler də Londonun Böyük Britaniya-Almaniya münasibətlərini Polşa-Almaniya münasibətləri ilə əlaqələndirdiyinə görə Çörçildən inciyə və bu prosesləri “paralel” adlandıra bilərdi. Siyasətdə bəzən müxtəlif proseslər bir-biri ilə çox sıx əlaqəli olur. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri paralel olsa da, birincinin inkişafı ikinci prosesdə irəliləyişdən çox asılıdır. Odur ki, Ankaranın Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək tələbi Ermənistan-Azərbaycan münaqişəsinin həllini və deməli, Ermənistan-Türkiyə münasibətlərinin nizama salınmasını çətinləşdirmir, əksinə, sürətləndirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin