Biləsuvar Təhsil Kompleksinin əməkdaşları və bir qrup şagirdi Türkiyəyə səfər edib
Biləsuvar, 12 iyul, İlkin Adıyev, AZƏRTAC
"Qardaş şəhər" layihəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin əməkdaşları və bir qrup şagirdi Türkiyəyə səfər edib.
Qırx nəfərlik heyət əvvəlcə İzmirin Səlçuq rayonunda yerləşən Şirincə kəndində, Əziz Dimitrius və St.Jhon kilsələrində ekskursiyada olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Həsənzadə və liseyin icraçı direktoru Aqşin Bağırov Çameli Bələdiyyəsinin sədri Cengiz Arslanla görüşüblər. Görüşdə qardaş xalqlarımız arasındakı münasibətlərdən söz açılıb, Azərbaycan-Türkiyə birliyinin əbədi olduğu vurğulanıb.
Sonra nümayəndə heyəti Çamelidə bədii tədbirdə iştirak edib. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək, “Qardaş şəhər” protokolu əsasında Azərbaycan və Türkiyə təhsil ocaqlarının birgə fəaliyyətindən danışıb.
Sonra Çameli Bələdiyyə sədri Cengiz Arslan çıxış edərək, ölkələrimiz arasındakı münasibətlərdən və təhsil sahəsində görülən işlərdən söz açıb.
Daha sonra bədii hissə olub. Yerli sənətçilər Alper Çağdaş və Muhammet Koç çıxışları ilə yanaşı, Zeki Akyol və Eser Erten də “Masıt Qırığı” və “Zeybek” tamaşalarını nümayiş etdiriblər. Tədbirdə Adem Akyol və komandası da səhnəyə çıxıb.
Qeyd edək ki, “Qardaş şəhər” layihəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin nümayəndə heyəti 10 gün müddətində qardaş ölkənin bir çox təhsil, mədəniyyət müəssisələrində olacaq, tarixi yerlərə səfər edəcək.