REGİONLAR
Biləsuvarda "Caz rəsmlərdə" sərgisi açılıb
Biləsuvar, 27 noyabr, İlkin Adıyev, AZƏRTAC
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan Dövlət Rəsm Qalereyası tərəfindən Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Caz rəsmlərdə” yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünyaşöhrətli cazmen, bəstəkar, pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərginin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, rəssamlar, sənətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.
Çıxışlarda caz-muğam üslubunun banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin həyat və yaradıcılığı barədə ətraflı danışılıb. Bildirilib ki, Vaqif Mustafazadə dünya caz musiqisinə Azərbaycan muğamının elementlərini daxil edərək, bu janra yeni nəfəs gətirib. Onun yaratdığı musiqi üslubu bu gün də yaşayır və Azərbaycan cazı dünyanın müxtəlif ölkələrində böyük heyranlıqla qarşılanır.
Sərgidə Vaqif Mustafazadə ilə yanaşı, dünya caz ulduzları Frank Sinatra, Nina Simone, Çarlz Lloyd kimi görkəmli caz ifaçılarının portretləri yer alıb.
Sonra sərgiyə baxış olub, rəssamlar öz əsərləri barədə izləyicilərə məlumat veriblər.
Sərgi boyu müxtəlif caz kompozisiyaları ifa olunub.
Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının təqdim etdiyi “Caz rəsmlərdə” yaradıcılıq sərgisində 6 peşəkar, 12 həvəskar olmaqla, 18 rəssamın, ümumilikdə, 30 əsəri nümayiş olunur. Əsərlər əsasən portret və peyzaj janrındadır.