Biləsuvarda xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına ciddi nəzarət edilir
Biləsuvar, 3 aprel, Mahir Babayev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Biləsuvar rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 3-də Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və mobil qrupun üzvləri şəhərin küçə və prospektlərində əhali ilə söhbət apararaq, rayonun ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin qaydalarına ciddi riayət olunmasının vacibliyini onların diqqətinə çatdırıb.
Qeyd olunub ki, rayon icra hakimiyyəti aparatının əməkdaşlarından, inzibati ərazi nümayəndəliklərindən, bələdiyyə üzvlərindən, daxili işlər orqanlarının nümayəndələrindən ibarət 28 mobil qrup gündəlik olaraq əhali arasında maarifləndirici təbliğat işləri aparır.
Rayon rəhbərliyi, həmçinin xüsusi karantin rejimində fəaliyyətlərinə icazə verilmiş həyati əhəmiyyət daşıyan bir sıra sahibkarlıq subyektlərində və şəhərin küçələrində koronavirus infeksiyası ilə mübarizə çərçivəsində aparılan dezinfeksiya tədbirləri ilə də maraqlanıb.