Biləsuvarlı “Vikipediya” könüllüləri xüsusi diplomla təltif olunublar
Bakı, 9 iyun, AZƏRTAC
“Qorqud” Vikipediya Metodiki Klubunun təlimlərində iştirak edən Biləsuvardan olan könüllü gənclər xüsusi diplomla təltif olunublar.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Biləsuvardan olan vətənpərvər, bacarıqlı gənclər “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində iştirak edirlər. Onlara klubun təcrübəli təlimçilər tərəfindən “Vikipediya” platformasında işləmək bacarığı və qaydaları öyrədilib. “Viki” könüllülər tərəfindən Vətən müharibəsi şəhidləri, qaziləri haqqında onlarla məqalə yaradılıb və zənginləşdirib. Könüllülər başqa mövzularda da məqalələri zənginləşdiriblər. Yaradılan məqalələr sosial şəbəkələr, mətbuat vasitəsilə cəmiyyətə təqdim edilib. Təlimlərdə fəal iştirak edən və öz töhfələrini verən Elnur Hüseynli, Könül Mahmudova, Günay Şahbazlı, Əminə Əhmədzadə, Fidan Orucova, Ruqiyə Orucova, Emin Abbaszadə klubun yaradılmasının təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən xüsusi diplomla təltif olunublar. Qarşıdakı aylarda başqa könüllü qruplar xüsusi diplomla təltif olunacaqlar.
Qeyd edək ki, Biləsuvar rayonunda “Viki” könüllülər qrupu Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü ilə yaradılıb.