Bilik Fondu ali təhsil ocaqlarında Cümhuriyyətə dair maarifləndirici tədbirləri davam etdirir
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Biznes Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil” mövzusunda mühazirə təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor İbad Abbasov Cümhuriyyət dövründə ölkənin iqtisadi inkişafı ilə bağlı görülmüş işlərdən danışıb, sosial və iqtisadi vəziyyəti xarakterizə edən statistik məlumatları diqqətə çatdırıb.
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov AXC dövründə əhalinin təhsil səviyyəsinin artırılması, yeni təhsil sisteminin yaradılması istiqamətində həyata keçirilən islahatlardan söz açıb, fikirlərini konkret tarixi sənədlərə istinad etməklə dinləyicilərə çatdırıb. M.Mərdanov həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitabının birinci cildini universitetin kitabxanasına hədiyyə edib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Cümhuriyyət dövrü tarixinin öyrənilməsi ideyasının banisinin ümummilli lider Heydər Əliyev olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər alimlər qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsinin istiqamətlərini müəyyən edən konkret hədəflər qoyub. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında dövlətimizin başçısının 2017-ci il 16 may tarixli Sərəncamının müddəalarını təhlil edən İ.Vəliyev Bilik Fondu tərəfindən Sərəncamın icrası istiqamətində görülmüş işlərdən danışıb. Aparat rəhbəri cari ilin ötən dövrü ərzində fond tərəfindən özündə Cümhuriyyətin fəaliyyətinin müxtəlif istiqamətlərini əks etdirən 70-dən artıq mühazirənin, konfransın, “dəyirmi masa”nın və digər maarifləndirci tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Növbəti tədbir Bakı Avrasiya Universitetində keçirilib. Universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açıb.
“Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan dili” mövzusunda çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Cümhuriyyət dövründə ana dilinin inkişafına xüsusi qayğı göstərildiyini bildirib. O, ilk dəfə Azərbaycan türkcəsinin dövlət dili elan edilməsinə aparan yolun çətinliklərindən danışıb.
Bilik Fondunun aparat rəhbəri müstəqil Azərbaycanın 100 illik dövrünün tarixi xronologiyasına diqqət çəkərək, bu tarixin dərindən araşdırılıb öyrənilməsi və təbliğ olunması prosesinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayıb.
İnteraktiv şəraitdə keçən tədbirlərdə dinləyicilərin sualları ətraflı cavablandırılıb.