Bilik Fondunun Astarada keçirdiyi tədbirdə “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub
Astara, 24 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Astara Pedaqoji Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə “Gizli istiqlalçılar” sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Kollecin direktoru Ağababa İbrahimov rəhbərlik etdiyi təhsil ocağı ilə Bilik Fondunun əməkdaşlığından danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolunu yüksək dəyərləndirib.
Bilik Fondunun əməkdaşı Abbas Əliyev Fondun Cümhuriyyət tariximizlə bağlı keçirdiyi silsilə tədbirlər barədə məlumat verib.
“Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı çıxışında Cümhuriyyət liderlərinin müstəqillik uğrundakı fədakarlıqlarından söz açıb.
Tədbirdə Astara Pedaqoji Kollecin tələbəsi Səbinə Əlizadə Fondun təşkilatçılığı ilə “Cümhuriyyət-tariximiz və qürurumuzdur” layihəsi çərçivəsində keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda müsabiqəsinin qalibi olduğuna görə diplomla təltif olunub.
Sonda “ARB Aranfilm”in lentə aldığı “Gizli istiqlalçılar” sənədli filmi nümayiş etdirilib.