Binəqədi Gənclər evində ilin yekunları müzakirə edilib
Bakı, 16 dekabr, AZƏRTAC
Binəqədi Gənclər evində 2017-ci ilin yekunları müzakirə olunub, il ərzində idarə tərəfindən keçirilmiş müsabiqə və yarışlarda fərqlənmiş məktəblilər mükafatlandırılıblar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGBİ) AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov və BŞGBİ-nin əməkdaşı Salman Əbdülov həyata keçirilən layihələr və müsabiqələr barədə ətraflı məlumat veriblər. Çıxışlarda bu tədbir və layihələrdə fəal iştiraklarına görə müəllimlərə, valideynlərə, şagirdlərə təşəkkür ifadə olunub.
Sonra 12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyununun, “Marş irəli!” devizi altında təşkil olunan “Vətənin müdafiəsinə hazıram!” çoxnövçülüyü, voleybol (qızlar arasında), stolüstü tennis, dama birinciliklərinin qaliblərinə diplom və medallar təqdim edilib.