Binəqədi rayonunda karantin rejimi qaydalarını pozan kafenin icarədarı üç min manat məbləğində cərimələnib
Bakı, 9 iyul, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl edilmədiyi, sosial məsafənin gözlənilmədiyi, mövcud preventiv tələblərin pozulduğu kafe aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri 5-ci polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır. Saxlanılan səkkiz nəfərin barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 3000 manat, digərləri 200 manat məbləğində cərimələniblər.