BİR AİLƏNİN 11 ÜZVÜNÜN MƏDƏLƏRİ KƏSİLİB GÖTÜRÜLMÜŞDÜR
Diffuziyalı mədə xərçənginin inkişafını törədən təhlükəli genin daşıyıcısı bu şəxslərin nənəsi olmuşdur. 1960-cı ildə mədə xərçəngindən dünyasını dəyişən qadın təhlükəli geni 7 uşağına ötürmüşdür. Onlardan 6-sı 40-50 yaşlarında həmin bəladan ölmüşdür. Qarının 18 nəvəsi qüsurlu CDH1 geninin mövcudluğundan 2003-cü ildə xəbər tutmuşdur. Elə həmin il nəvələrdən biri bu xəstəlikdən dünyasını dəyişmişdir. Qalan 17 nəvədə üzərində DNT testi aparılmış və məlum olmuşdur ki, 11 nəvə mutant genin daşıyıcısıdır. Bu mutasiyanın mövcudluğu mədə xərçənginin inkişafı riskini 70 faiz artırır.
Qüsurlu genin daşıyıcılarının hamısı mədənin kəsilib götürülməsi üzrə cərrahiyyə əməliyyatından keçmək qərarına gəlmişdir. 2004-2005-ci illərdə onların hamısının mədələri kəsilib götürülmüşdür. Həkimlər bildirmişlər ki, əməliyyatqabağı testlər onların heç birində xərçəng xəstəliyi əlaməti tapmamışdır, lakin kəsilib götürülmüş orqanın bəzi nümunələrində bədxassəli şişin oxşar hüceyrələri aşkar olunmuşdur.
Hər il ABŞ-ın 22 min sakinində mədə xərçəngi xəstəliyi aşkar olunur ki, onların da yarısı bu xəstəlikdən dünyasını dəyişir.