Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Əliyev Füzulidə torpağa tapşırılıb VİDEO
Füzuli ,3 iyul, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Murad oğlu Əliyev bu gün Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü il Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Möysüm Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
Müxbir - Aydın Yavərzadə