BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ AZƏRBAYCANIN HAQQ İŞİNİ DƏSTƏKLƏYİRLƏR
Əli Həsənov Azərbaycan qaçqınları və məcburi köçkünlərinin problemi ilə maraqlandığı üçün qonağa təşəkkür etmiş və demişdir ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın həyat şəraitini yüngülləşdirməyə çalışan qurumlar arasında BƏƏ-nin humanitar təşkilatı da vardır. Həmin təşkilat 1993-cü ildən bəri ölkəmizə 1,5 milyon ABŞ dolları məbləğində humanitar yardım göstərmişdir. Hazırda isə valideyn himayəsindən məhrum olmuş 350 uşağı himayə edir və aybaay onların hər birinə 31 dollar məbləğində yardım göstərir. Bundan əlavə, qurum bəzi rayonlarda qaçqınların sıx məskunlaşdıqları yerlərdə su problemini həll etmişdir. Cari ilin fevralında isə Birləşmiş Ərəb Əmirlikləri Qızıl Aypara Cəmiyyətinin geniştərkibli nümayəndə heyəti Azərbaycanda olarkən çadır şəhərciklərinə baş çəkmiş, sakinlərə yardım göstərmiş, yeni qəsəbələrin birində tikilən idman kompleksinə ianə etmişdir.
Baş nazirin müavini qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri, müharibədən zərər çəkmiş insanların vəziyyəti, problemin həlli ilə bağlı Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat vermişdir.
Əli bin əs-Seyyid Əbdürrəhman əl Haşim səmimi qəbula, ölkəsinin ünvanına xoş sözlərə və ətraflı məlumata görə təşəkkür etmiş və demişdir ki, BƏƏ Qızıl Aypara Cəmiyyətinin yardımı qardaşlıq köməyidir. Müşavir ən çətin zamanlarda belə İslam dəyərlərinə sadiq qalmış Azərbaycana gəlişindən məmnunluğunu bildirmiş və ölkəmizin üzləşdiyi problemi dərindən anladığını qeyd etmişdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın üzləşdiyi problemlər barədə ölkəsinin rəhbərliyinə məlumat verəcəyini söyləyən qonaq demişdir: Biz Azərbaycan rəhbərliyinin yeritdiyi siyasəti bəyənir və bu siyasətin uğuru üçün dua edirik. Allah zülmü qəbul etmir, haqq öz yerini tapmalıdır. Bu işdə əlimizdən gələn köməyi etməyə hazırıq.
Görüşdə Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə iştirak etmişlər.