Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn xarici vətəndaşların sayı 30 dəfə artıb
Bakı, 28 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş verib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin may ayı ilə müqayisədə 2016-cı ilin mayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb.
Son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyası əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay əmirliyində keçirilən “ATM” beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca əmirliyində keçirilən “2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən təmsilçi nümayəndəliyin (“Atlantis Holidays” şirkəti) olması, həmçinin 2015-ci ilin noyabr ayından etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində bu artım baş verib.
Qeyd edək ki, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb. Həmin ildən etibarən “Atlantis Holidays” şirkəti BƏƏ-də nazirliyin turizm üzrə təmsilçilik funksiyalarını yerinə yetirir. 2011-ci ildən etibarən adıçəkilən şirkət Körfəz ölkələrindən turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması istiqamətində müvafiq tədbirlər (Azərbaycanın turizm potensialı ilə bağlı marketinq kampaniyalarının aparılması, turizm sənayesi və KİV nümayəndələri üçün info və press turların təşkili, beynəlxalq turizm sərgilərində təmsilçiliyin həyata keçirilməsi və s.) həyata keçirir.