Bişkekdə Azərbaycan və rus dillərində “Azərbaycanda Milli hərəkat” kitabı nəşr edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə Azərbaycan və rus dillərində “Azərbaycanda Milli hərəkat” kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, professor Şirməmməd Hüseynovun təqdimindəki bu kitabın qardaş Qırğızıstanda “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Ulu Öndər Heydər Əliyev irsinin, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir.
“Voprosı istorii” (“Tarix məsələləri”) sovet dövründə yaranmış tarix jurnalları içərisində ən qədimidir. 1926-cı ildən 1941-ci ilə qədər “İstorik-marksist” (“Marksist tarixçi”), sonra “İstoriçeski jurnal” (“Tarix jurnalı”) adları ilə nəşr olunub. 1945-ci ildən indiki adı ilə çıxır. Rusiya və dünya tarixinin aktual problemlərini dərindən və obyektiv işıqlandırdığına görə elmi ictimaiyyət arasında yüksək nüfuz qazanıb. Bütün bu illər boyu jurnalın səhifələrində Rusiya və bir çox xarici ölkənin görkəmli tarixçilərinin əsərləri dərc edilib.
Son vaxtlar jurnalda tarixi sənədlər, əsasən, uzun illər yasaq altında saxlanmış arxiv materialları böyük yer tutur. Belə yazılar “XX əsrin siyasi arxivi” rubrikasında dərc edilir. Jurnalın “Tarixi portretlər”, “Tarixi publisistika”, “Tarixçilər zaman və özləri haqqında” kimi bölmələri xüsusilə diqqətəlayiqdir. Son onilliklərdə jurnalın səhifələrində dərc edilmiş, hazırda həm də kompüter versiyasında verilən materiallar tarix elminin keçdiyi daşlı-kəsəkli inkişaf yolunu göz önünə gətirməyə yardımçı olur, tarixin ən müxtəlif problemlərinə dair diskussiyaların xarakteri və məzmunu, eləcə də sürətlə dəyişən dünyada tarix elminin vəziyyəti, elmi statusu, rolu və yeri haqqında təsəvvür yaradır.
Jurnal “XX əsrin siyasi arxivi” rubrikası altında M.Ə.Rəsulzadənin 1933-cü ilin noyabrında yazmış olduğu "Azərbaycanda milli hərəkat" adlı çox dəyərli tarixi əsərini (2002, №2, s. 11-32) və müəllif barədə irihəcmli "Məhəmməd Əmin Rəsulzadə" məqaləsini (s. 3-11) dərc etmişdir. Məqalənin müəllifi tarix elmləri namizədi Salavat İsaqovdur. Həmin yazıları professor Şirməmməd Hüseynov bu kitabda oxuculara təqdim edir.
Kitaba “Ön söz”ü də professor Şirməmməd Hüseynov yazmışdır. Tərcümənin redaktoru isə professor Nəsir Əhmədlidir.
Xüsusilə vurğulayaq ki, fond öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yayacaq və gələcəkdə kitabı qırğız, ingilis dillərinə də tərcümə etdirməyi nəzərdə tutur.