İQTİSADİYYAT
“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın İşçi Qrupunun iclası olub
Bakı, 2 iyun, AZƏRTAC
“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Şirkətinin, Konstitusiya Araşdırmalar Fondunun, eləcə də bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.
İşçi Qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının təsdiq edildiyini qeyd edib. Bildirilib ki, 2022-ci il üzrə fəaliyyət planı məzmun baxımından kifayət qədər genişdir və beynəlxalq reytinqlər üzrə qiymətləndirmə prosesində əhatə olunan mühüm məqamları və konkret məsələləri özündə ehtiva edir. Builki fəaliyyət planında korporativ idarəetmə, ətraf mühit, sosial məsuliyyət, qənaətli istehsal və s. istiqamətlər üzrə bir sıra yeni elementlər də öz əksini tapıb, yeni məsələlər nəzərə alınaraq, işçi qrupunun tərkibi də genişləndirilib.
İclasda İşçi Qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların və qərara alınmış məsələlərin icra vəziyyətinə dair məruzələr dinlənilib, həmçinin 2022-ci il üzrə Fəaliyyət Planının əsas elementləri və qarşıdan duran vəzifələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin effektiv təşkili, özəl sektorun və assosiasiyaların icra prosesinə fəal şəkildə cəlb olunması barədə tapşırıq və tövsiyələr verilib.