BMT-nin Baş katibinin köməkçisi: Minalar davamlı inkişaf üçün çox böyük problemdir
Bakı, 26 may, AZƏRTAC
Minatəmizləmə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələri üçün böyük problemdir. Çox təəssüf ki, qadınlar və uşaqlar da mina qurbanları olurlar. İnsanların minaların qurbanı olmasını dayandırmaq və kommunitar mina təmizləməni təşviq etmək istərdik. Lakin bu, təkcə təhlükəsizliklə bağlı məsələ deyil. Minalar davamlı inkişaf üçün çox böyük problemdir. Çünki fermerlər və kənd yerlərinin əhalisi minalar və digər hərbi sursat təhlükəsi səbəbindən məhsul əldə edə bilmirlər.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi (BMT-nin Sülh Əməliyyatları Departamenti) Aleksandr Zuyev jurnalistlərə açıqlamasında deyib.
Konfransın əhəmiyyətini qeyd edən Aleksandr Zuyev deyib: “Bilirsiniz ki, bu artıq ikinci konfransdır. Ümid edirik ki, biz bunları təkcə Azərbaycanda deyil, bir çox başqa ölkələrdə də davam etdirəcəyik. Azərbaycanda minatəmizləmə prosesində Avropa İttifaqı, BMT İnkişaf Proqramı fəal iştirak edir. Bu gün Avropa İttifaqının səfirinin paneldə çıxışında səsləndirdiyi kimi, təşkilat xeyli sərmayələr qoyub. Biz daha çox maliyyə vəsaitinin cəlb olunmasını gözləyirik. Çünki bu gün ANAMA-nın direktor müavinindən Azərbaycanda qarşıya çıxan problemin miqyasının nə qədər böyük olduğunu eşitdik”.