BMT-NİN İNKİŞAF PROQRAMI AZƏRBAYCANDA İXRACIN VƏ İNVESTİSİYALARIN TƏŞVİQİ FONDUNA YARDIM EDƏCƏKDİR
Layihənin 110 min ABŞ dolları məbləğində olan fazasını növbəti 12 ay ərzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu həyata keçirəcəkdir. İlkin vəsait BMT-nin İnkişaf Proqramı (50 min ABŞ dolları) və Azərbaycan hökuməti (60 min ABŞ dolları) tərəfindən ayrılmışdır. Bu mərhələdə başqa işlərlə yanaşı layihə çərçivəsində Azərbaycanda biznesin və ixracın inkişafına mane olan amiləri aşkarlayacaq, araşdırma aparılacaq, eləcə də yerli istehsalçıların, xarici məsləhətçilərin xaricdəki potensial tərəfdaşların məlumat bazası təkmilləşdiriləcəkdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu respublika hökuməti tərəfindən 2003-cü ildə yaradılmışdır. Qurumun fəaliyyətinə nəzarət Azərbaycan hökuməti, özəl sektorun və beynəlxalq ictimaiyyətin nümayəndələrindən ibarət Himayəçilər Şurası tərəfindən həyata keçirilir. İlk olaraq xarici investisiyaları ölkəyə birbaşa cəlb etmək məqsədi ilə yaradılan fondun səlahiyyətlərinə 2005-ci ildən yerli malların təşviqi funksiyaları da əlavə olunmuşdur.