BMT-nin Qadınların Statusu üzrə Komissiyanın toplantısında Azərbaycanın gender bərabərliyinin təminatındakı təcrübəsindən danışılıb
Bakı, 24 mart, AZƏRTAC
Parlamentlərarası Birlik və BMT Qadın təşkilatları tərəfindən Qadınların Statusu üzrə Komissiyanın 65 illiyinə həsr edilmiş onlayn görüş keçirilib. Tədbirdə ölkəmizi Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edib.
AZƏRTAC xəbər verir ki, toplantıda qadınlara qarşı zorakılığın aradan qaldırılması, qadınların siyasi və ictimai həyatda, eləcə də qərarvermədə zərif cinsin nümayəndələrinin rolunun artırılması, pandemiya dövründə milli və beynəlxalq müstəvilərdə aparılan ardıcıl iş və bu istiqamətdə parlamentdə gender bərabərliyinin, qadın hüquqlarının qorunması kimi önəmli məsələlər müzakirə edilib.
K.Nurullayeva gender bərabərliyinin təminatında Azərbaycanın təcrübəsindən danışıb. Deputat parlamentdə və siyasi qərarvermədə qadınların rolu ilə bağlı fikirlərini bölüşüb, ölkəmizdə VI çağırış Milli Məclisdə qadınların rolunun və mövqeyinin artmasından danışıb, Azərbaycanda yüksək siyasi vəzifələrə təyinat olunan qadınları nümunə göstərib. K.Nurullayeva, eyni zamanda, pandemiya dövründə bu sahədə görülən işlərə diqqət çəkib.