BMU-INHA IDP çərçivəsində yay məktəbinə başlanılıb
Xırdalan, 11 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreyanın INHA Universitetinin 22 nəfər professor-müəllim heyəti tərəfindən aparılacaq 3 həftəlik yay məktəbinə start verilib.
BMU ilə INHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində təşkil edilən yay məktəbində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə dərslər keçiriləcək.
Akademik tədris ilinin davamı hesab olunan yay məktəbində koreyalı professor və müəllimlər sözügedən ixtisaslar üzrə “İKT-yə giriş”, “Siqnallar və sistemlər”, “Rəqəmsal dövriyyələr”, “Ətraf mühit mühəndisliyi və laboratoriya”, “İlkin müşahidə və praktika”, “Yaradıcı düşüncə və problem həlli”, “Rəqəmsal siqnalların emalı”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Maşın öyrənməyə giriş”, “Avtomatik idarəetmə”, “Elektron dövrələri-II”, “Genişləndirilmiş struktur analizi”, “Hidrologiya” fənlərini tədris edəcəklər.
Yay məktəbi iyulun 26-da başa çatacaq.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında icra olunan BMU-INHA IDP-nin icrasına 2020-ci ildə başlanılıb. 3+1 modelinə əsaslanan proqram çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Proqrama uyğun olaraq BMU-nun inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə bu il ilk dəfə 61 tələbə məzun olub.