BMU-nun nailiyyətləri Macarıstanda keçirilən ali təhsil sammitində təqdim olunur
Bakı, 24 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) Macarıstanın paytaxtı Budapeştdə keçirilən “QS Higher Ed Summit: Europe 2026” sammiti çərçivəsində təşkil olunmuş Azərbaycan pavilyonunda ölkəmizin ali təhsil sistemini təmsil edən universitetlər sırasında yer alır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, pavilyonda universitetin son illərdə əldə etdiyi nailiyyətlər, QS reytinqlərində qazandığı uğurlar, müasir təhsil proqramları, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əlaqələri, ikili diplom proqramları, Texnoparkı, innovasiya ekosistemi və müasir laboratoriyaları barədə iştirakçılara ətraflı məlumat verilir.
Qeyd edək ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edən BMU gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, akademik potensialını beynəlxalq səviyyədə təsdiqləməyi bacarıb. Dünya universitetlərinin bu ay açıqlanan yeni QS reytinqində universitet daha bir uğura imza ataraq ötən illə müqayisədə 31 pillə irəliləyib və 851-900-cü yerlər aralığında qərarlaşıb. Ötən il ilk dəfə dünyanın TOP 1000 universiteti siyahısına daxil olan BMU son iki il ərzində bu nüfuzlu reytinqdə ümumilikdə 580 pillə yüksəlib.
Universitet bu il ilk dəfə QS-in 2026-cı il fənn reytinqində də təmsil olunaraq iki ixtisas istiqaməti üzrə uğurlu nəticələr əldə edib. Bundan əlavə, Avropanın ən yaxşı universitetlərinin reytinqində 96 pillə irəliləyərək 395-ci yerdə qərarlaşıb, Qərbi Asiya universitetləri reytinqində isə region üzrə 23-cü mövqedə yer alıb.
Sammitdə Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir. BMU-nun rektoru Yaqub Piriyev və universitetin nümayəndələri tədbir çərçivəsində keçirilən müzakirələrdə və işgüzar görüşlərdə iştirak edərək ali məktəbin beynəlxalq əməkdaşlıq istiqamətləri, akademik inkişaf prioritetləri və son illərdə əldə olunan nailiyyətləri barədə məlumat verirlər.
Tədbirdə ali təhsil sektorunun strateji inkişafı, beynəlmiləlləşmə prosesləri, beynəlxalq reytinqlərdə irəliləyiş imkanları, süni intellekt dövründə tələb olunan bacarıqlar və qlobal əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılır.
BMU-nun sammitdə iştirakı universitetin qlobal akademik şəbəkələrdə mövqeyinin daha da möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və beynəlxalq auditoriyaya təqdim olunması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan pavilyonu ölkənin ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması və yeni akademik əməkdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayır.