SİYASƏT
Bolnisidə Zəfər Günü qeyd olunub
Tbilisi, 9 noyabr, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə 8 Noyabr - Zəfər Günü ilə bağlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Gürcüstandan olan Vətən müharibəsi şəhidlərinə həsr edilmiş rəsm sərgisinə baxıblar. Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.
Mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək bildirib ki, Zəfər Gününün hər il qeyd olunması Azərbaycan xalqının tarixi Qələbəsini əbədləşdirir və gənc nəsillərə vətənpərvərlik ruhu aşılayır. 44 gün davam edən Qarabağ savaşı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycanın əldə etdiyi Qələbə, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Qələbəni bu gün böyük iftixar hissi ilə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün oldu.
Digər çıxış edənlər Vətən müharibəsi haqqında təəssüratlarını bölüşüb, 44 gün davam edən müharibənin Zəfərlə bitməsi nəticəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş əbədi və əzəli torpaqlarına, qürur və sevinclə qayıdışını xüsusi vurğulayıblar.
Tədbirin sonunda mərkəzin müdavimləri vətənpərvərlik mövzusunda şeir söyləyib, musiqilər səsləndiriblər.
Sonda Zəfər Gününə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi