Bolqarıstan mətbuatında Azərbaycanın Zəfər Günü ilə əlaqədar silsilə məqalələr yayılıb
Bakı, 11 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Gününün birinci ildönümü ilə əlaqədar Bolqarıstan mətbuatında 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbəyə dair silsilə məqalələr yayılıb.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələri yayan yerli media qurumları arasında geniş oxucu auditoriyasına malik "24 Chasa", “Standart”, “Cross”, “Alfrass” və “Kırcaalı” xəbər agentlikləri çıxış edib.
Məqalələrdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrini təkbaşına həyata keçirdiyi və öz ərazilərini 30 illik işğaldan sonra azad etməyə müvəffəq olduğu qeyd edilib.
Ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Bəyanatın bölgədə gələcək əməkdaşlıq üçün yeni tarixi imkanlar yaratdığını bildiriblər. Bu səpkidə tərəflər arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi və Zəngəzur dəhlizinin təmin edilməsinin vacibliyindən bəhs olunub.
Eyni zamanda, bildirilib ki, Azərbaycan hökuməti Qarabağ bölgəsinin erməni əsilli əhalisini Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş bütün hüquqlarla təmin etməyə hazırdır. Məqalələrdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı dəstək əsasında Azərbaycan və erməni xalqlarının sülh şəraitində birgə yaşayışının təmin edilməsinin zərurəti xüsusi vurğulanıb.