Bosniya və Herseqovinada meşə yanğınları davam edir
Sarayevo, 15 iyul, AZƏRTAC
Bosniya və Herseqovinanın iki bölgəsində meşə yanğınları ilə mübarizə aparılır.
AZƏRTAC xəbər verir ki, ölkənin cənubundakı Mostar şəhəri ətrafında üçüncü gündür davam edən meşə yanğınları geniş əraziyə yayılır. Fortiça təpəsinə doğru yayılan alovun söndürülməsində mülki müdafiə qüvvələri, ordu, könüllü yanğınsöndürmə cəmiyyətlərinin üzvləri və yerli sakinlər iştirak edirlər. Yanğınları söndürmək üçün helikopterlərdən istifadə olunur.
Yanğın hazırda yaxınlıqdakı Sutina və Podveley qəsəbələrinə doğru yayılır. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir.
Bosniya və Herseqovinanın Serbska Respublikasının Trebinye bölgəsində də meşə yanğınları davam edir. Alovun
Dobromani kəndində evlərə yaxınlaşdığı bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo