ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar
Bakı, 11 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin əməkdaşları - Dilzarə Ağayeva, elmi işçi Tamilla Mailova, kiçik elmi işçilər Xədicə Apbayeva, Elnarə İsgəndərli və Yaqut Yusifova yaz və yay mövsümü ərzində Daşkəsən rayonunda və Göygöl Milli Parkında ekspedisiyada olublar.
Botanika İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, ekspedisiyanın məqsədi göbələk müxtəlifliyini tədqiq etmək, patogen növləri və onların yayılma arealını müəyyənləşdirmək, qida və tibbi əhəmiyyətli makromisetləri araşdırmaq olub. Monitorinqlər Daşkəsən rayonunun Əmirvar, Xoşbulaq, Tapan və Zivlən kəndləri, Göygöl Milli Parkı üzrə Toğanalı, Aşıqlı, Çaykənd, Göygöl və Maralgöl ətrafında müxtəlif senozlarda aparılıb. Əhəmiyyətli sayda mikro və makrogöbələk nümunələri toplanılıb və əsasən təyin edilib.
Bir sıra nümunələr laboratoriya şəraitində qidalı mühitə keçirildikdən sonra araşdırılacaq.