Böyrəklərə zərərli olan bitki mənşəli məhsulların istifadəsində diqqətli olmaq lazımdır
Bakı, 17 yanvar, AZƏRTAC
Böyrəklərə zərərli olan bitki mənşəli məhsulların istifadəsində diqqətli olmaq lazımdır.
AZƏRTAC xarici KİV-lərə istinadla tanınmış nefrologiya mütəxəssisi, həkim Mehmet Böyükbakkalın bu barədə fikirlərini təqdim edir.
Mütəxəssis bildirir ki, zəhərli kimyəvi maddələr və dərmanlar böyrəyə mənfi təsir göstərir. Böyrəklər struktur və funksiyasına görə toksiklik riskinə mənsub olan ən həssas orqandır. Nefrotoksiklik zəhərli kimyəvi maddələrin və dərmanların böyrəklərdə yaratdığı zəhərli təsirdir. Bu təsiri göstərən maddələr nefrotoksik adlanır. Əksər dərmanların nefrotoksik təsiri böyrək müalicəsi alan xəstələrdə daha tez-tez baş verir. Bəzi dərmanlar böyrəklərin fəaliyyətinə mənfi təsir edir. Bu hal insanda böyrək funksiyalarından asılı olaraq meydana gəlir. Məsələn, ağrıkəsici, antibiotik, ürək və təzyiq dərmanları, həmçinin kimyaterapevtik dərmanlar uzun müddət istifadə edildikdə yaranır. Bundan başqa, tərkibində aristolok turşusu olan bəzi bitki mənşəli məhsulların da istifadəsi zərərlidir.
Həkim-mütəxəssis diqqətə çatdırır ki, son illərdə dünyanın hər yerindən daha çox insan inteqrativ təbabətə meyil edir. Bitki mənşəli məhsullar təbii və təhlükəsiz hesab edildiyi üçün xəstələr tərəfindən tez-tez reseptlə və ya reseptsiz istifadə olunur. Bəzi bitki mənşəli məhsullardan istifadə böyrəklərin zədələnməsinə səbəb olur. Həkimlər bu barədə pasiyentlərini əvvəlcədən xəbərdar etməli, onun riskləri haqda məlumat verməlidirlər.
“Sağlamlığımız sərvətimizdir, onu asanlıqla itirməyək. Həkim tövsiyəsi olmadığı halda belə dərmanlardan, o cümlədən bitki mənşəli məhsullardan istifadə etmək olmaz”, - deyə həkim əlavə edib.