Böyük Britaniya Kral Zərbxanası “Ceyms Bond”un 60 illiyi münasibətilə yubiley sikkələri buraxır
Bakı, 22 noyabr, AZƏRTAC
Böyük Britaniya Kral Zərbxanası Ceym Bond haqqında seriyaların 60 illiyi ilə əlaqədar dövriyyəyə kolleksiya sikkələri və külçələr buraxır. Yeddi sikkədən ibarət seriyanın hər biri Bondun kinematoqrafiya yolunun müəyyən onilliyini təyin edən xüsusi dizayna malikdir.
1960-cı illərə həsr olunan birinci sikkədə “Yalnız iki dəfə yaşa” filmində əfsanəvi “Balaca Nelli” avtojirində Şon Konnerinin canlandırdığı agent “007”, arxa fonda isə Bond haqqında həmin onillikdəki filmlərin adları, eləcə də “007”nin üslublaşdırılmış loqotipi və sikkənin perimetrinə uyğun tapançanın lüləsi təsvir olunub.
Digər onilliklərə həsr olunmuş sikkələrin dizaynı hələ elan olunmayıb və daha sonra təqdim ediləcək. Kral zərbxanasının qiymətli metallar üzrə direktoru Endryu Dikinin sözlərinə görə, külçə şəklində yeni sikkələr 1 unsiya çəkidə qızıldan və 1 unsiya çəkidə gümüşdən ibarətdir. Onlar ən yüksək standartlara uyğun zərb edilib.
“Ceyms Bond Böyük Britaniyanın sevimli məxfi agentidir, artıq 60 ildən çoxdur ki, auditoriyanı valeh edir. Biz agent “007”nin səyahətinə həsr olunmuş kolleksiya sikkələrinin yeni seriyasını təqdim etməkdən məmnunuq. Hər sikkə həmin onilliyin filmlərinə həsr edilən unikal dizayna malik olacaq ki, bu da sikkələrin hazırlanmasında ustalarımızın məharətini sübut edir”, - deyə Kral zərbxanasının xatirə sikkələri şöbəsinin direktoru Rebekka Morqan qeyd edib.
Bu gün, Ceyms Bondun yaradıcısı, yazıçı Yan Fleminqin vəfatından 64 il keçdiyi bir vaxtda, onun romanlarına əsaslanan filmlər böyük ekranlara çıxmaqda və publikanı sevindirməkdə davam edir. Müxtəlif aktyorların ifasında Britaniyanın məxfi agenti haqqında ekran əsərləri ən böyük gəlir rekordu qazanır.
Ceyms Bond külçələrində xalis qızıl və gümüşdən hazırlanan sikkələr qiymətli metalların real dəyərinə əsaslanacaq.
“Əminəm ki, onlar investor və kolleksiyaçıların, eləcə də qızıl və gümüş şəklində zamana tabe olmayan hədiyyə verməyə cəhd göstərən yeni auditoriyanın marağına səbəb olacaq”, - deyə Endryu Diki əlavə edib.