Böyük Britaniyada mobil operatorlara qarşı 1,1 milyard funtluq iddia qaldırılıb
London, 1 dekabr, AZƏRTAC
Böyük Britaniyanın aparıcı mobil operatorları olan O2, “Vodafone”, EE və “Three” milyonlarla istifadəçini artıq ödənişə məruz qoymaqda ittiham olunan nəhəng kollektiv iddia ilə üz-üzə qalıb.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, iddiaya görə, şirkətlər uzunmüddətli abunəçilərdən müqavilə müddəti başa çatdıqdan sonra da telefon aparatının dəyərini tutmaqda davam ediblər. İddiada qeyd olunur ki, 2015-ci il 1 oktyabr- 2024-cü il 31 mart tarixləri arasında təxminən 10,9 milyon mobil müqavilə bu praktikalardan təsirlənib. Məhkəməyə təqdim edilən şikayət ən azı 1,141 milyard funt sterlinq məbləğində kompensasiya tələb edir. İddia uğurlu olarsa, zərərçəkmiş hər bir abonent hər müqaviləyə görə 104 funt sterlinqədək vəsait almaq hüququna malik ola bilər. Bir çox istifadəçinin bir neçə operatorla müqaviləsi olduğundan kompensasiya məbləği daha yüksək ola bilər.
İddia istehlakçı hüquqları üzrə ekspert Castin Qutman tərəfindən irəli sürülüb və artıq Rəqabət Apellyasiya Tribunalı işi məhkəmə icraatına buraxıb.
Şikayət mobil telefon və airtime xidmətləri (internet, danışıq dəqiqələri və s.) birlikdə satılan müqavilələrə aiddir. Minimum müqavilə müddətində ödənilən aylıq məbləğ həm telefonun qiymətini, həm də xidmətlərdən istifadəyə görə haqqı əhatə edir.
İddiaçılar bildirirlər ki, operatorlar müqavilə müddəti bitdikdən sonra xidmət haqqını azaltmalı olduqları halda bunu etməyiblər, nəticədə müştərilər artıq ödənişə məcbur qalıblar. Bütün uyğun abunəçilər avtomatik olaraq iddiaya daxil ediləcək və bu proses tamamilə ödənişsizdir. İstəməyənlər isə xüsusi prosedurdan keçərək iddiadan imtina edə bilərlər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London