BÖYÜK BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANIN REGİONDA ROLUNU YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov sentyabrın 18-də Londonda Britaniyanın xarici işlər naziri Devid Milibendlə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında münasibətlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluqlarını bildirmişlər. Regional məsələlər ətrafında müzakirələr aparılmış və E.Məmmədyarov Türkiyənin təklif etdiyi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Platformasının əhəmiyyətini vurğulamışdır.
Enerji məsələlərindən, Avropa İttifaqının bu sahədə fəaliyyətindən danışan britaniyalı nazir, Azərbaycanın regionda rolunu yüksək qiymətləndirmiş və ölkəsinin şirkətləri üçün Azərbaycanda yaradılmış şəraitə görə təşəkkür etmişdir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, problemin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü diqqətə çatdırmışdır.
Elə həmin gün nazir E.Məmmədyarov Böyük Britaniyanın aparıcı tədqiqat mərkəzlərindən sayılan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda “Azərbaycanın xarici siyasətinin perspektivləri” mövzusunda çıxış etmişdir. Tədbirdə Londonda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin, tədqiqat mərkəzləri və elmi dairələrin nümayəndələri, özəl sektorun təmsilçiləri və jurnalistlər iştirak etmişlər. Nazir ölkəmizin xarici siyasətinin ümumi istiqamətləri, qarşıda duran əsas problemlər, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında mövcud vəziyyət barədə geniş məlumat vermiş və münaqişənin həllinin regional təhlükəsizliyin təmin olunması üçün zəruri amil olduğunu qeyd etmişdir. Azərbaycanda həyata keçirilən islahatlar haqqında da danışan E. Məmmədyarov ölkəmizin regionda lider dövlətə çevrildiyini və islahatların davam etdirildiyini vurğulamışdır. O, Dünya Bankının son hesabatında Azərbaycanın biznes mühitinin əlverişliliyi üzrə ən aparıcı islahatçı ölkə olduğunu auditoriyanın diqqətinə çatdırmış, sualları cavablandırmışdır.
Nazir LİNKS qeyri-hökumət təşkilatının icraçı direktoru Dennis Sammut və “Reconciliation Resources” təşkilatının layihə rəhbəri Tomas de Val ilə də görüşmüşdür. Bu görüşdə regional məsələlər və xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.
Daha sonra nazir E.Məmmədyarov Böyük Britaniyada fəaliyyət göstərən aparıcı diaspor təşkilatlarının nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycanın xarici siyasəti, onun inkişaf istiqamətləri, regionda baş verən hadisələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.