“bp-AZƏRBAYCAN” ŞİRKƏTİ DAVAMLI İNKİŞAF HAQQINDA HESABATINI AÇIQLADI
bp-nin prezidenti şirkətin 2005-ci il üzrə davamlı inkişaf haqqında hesabatının əsas istiqamətlərini açıqlayaraq “Əsrin müqaviləsi” ilə bağlı işlərin icra vəziyyəti, ətraf mühitin mühafizəsi, sağlamlıq, əməyin təhlükəsizliyi, neft-qaz hasilatı, gəlir və mənfəətləri barədə ətraflı məlumat verdi.
D.Vudvord bildirdi ki, indiyədək yerinə yetirilmiş işlərin ən mühümü “Mərkəzi Azəri”, “Çıraq” və “Qərbi Azəri” platformalarından neftin qəbulu, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi və neft ixracına başlanması, kompressor və suvurma platformasından ilk qazın Səngəçal terminalına nəqli, Cənubi Qafqaz boru kəmərinin tikintisinin başa çatdırılması və kəmərə ilk qazın vurulması, “Şahdəniz” yatağında TPG500 platformasının quraşdırılması və Faza 2 obyektlərinin işə salınmasıdır. Hazırda şirkət üzrə gündəlik hasilat 600 min barrel civarındadır. 1870-ci ildə Azərbaycanda neft hasilatına başlanandan bəri bu il ən yüksək rekord əldə ediləcəkdir - illik hasilat 30 milyon barreli ötəcəkdir. Bundan əvvəlki rekord nəticə 1941-ci ildə qazanılmışdır.
İş gününün itirilməsi ilə nəticələnən hadisələrin sayı 2003-cü ildən bəri azalmaqda davam etmişdir.
Şirkət prezidentinin məlumatına görə, ötən il 238 nəfər işə götürülmüş, bp-də işləyənlərin sayı 1600-ə çatmışdır. Kadr hazırlığı təlimlərinə 22 milyon ABŞ dolları xərclənmişdir. Xəzər Texniki Təlim Mərkəzində 100 nəfərə təlim keçilmişdir. 66 nəfər Azərbaycan vətəndaşı bp-nin təqaüd proqramlarının iştirakçısı olmuşdur. Bütün layihələr üzrə ödənişlərin 30 faizdən çoxu, davamlı ödənişlərin 47 faizi yerli təchizatçılara verilmişdir. 2010-cu ilədək sahibkarlığın inkişafına göstərilən maddi dəstəyin məbləği 2 dəfə artacaqdır.
Sosial sərmayə layihələrinə Azərbaycan, Türkiyə və Gürcüstanda ümumilikdə 22,45 milyon ABŞ dolları sərf edilmişdir.
Ötən il mənfəət neftinin satışından və digər gəlirlərdən Azərbaycan dövlətinə 825 milyon dollar ödənmişdir, cari ildə isə bu ödənişin məbləği 3 milyard dolları keçəcəkdir.
2007-ci ildə ölkə üzrə büdcə gəlirinin 82-83 faizi mənfəət neftinin satışından əldə ediləcəkdir.
Azərbaycanda davamlı inkişaf haqqında 3-cü illik hesabatını açıqlayan şirkətin öz fəaliyyətində daim şəffaflığı, korporativ məsuliyyəti, açıq dialoqu əsas tutduğunu bildirən Devid Vudvord, 64 səhifəlik Proqramın bp-nin icra və ictimai hesabatlar üzrə yerli mütəxəssisləri tərəfindən Azərbaycan dilində hazırlandığını, Bakıda nəşr edildiyini, ötən illərdə KİV, QHT, ekspertlər tərəfindən verilmiş təkliflərin də nəzərə alındığını, bununla da Proqramın bölmələrinin sayının 62-yə çatdırıldığını bildirdi.
Nahar süfrəsi arxasında davam edən görüşdə jurnalistləri maraqlandıran suallar da cavablandırıldı.