bp Azərbaycanda mürəkkəb geoloji şəraitdə hasilat üçün yeni texnologiyaların tətbiqini genişləndirir VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
bp Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi və hasilatın artırılması məqsədilə investisiyalarını davam etdirir. Mövcud ehtiyatların maksimum səmərəliliklə işlənilməsi üçün qazma proqramlarını davam etdirir və yeni layihələrə sərmayə yatırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli “Bakı Enerji Forumu”nda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.
Cio Kristofoli qeyd edib ki, bp tam elektrikləşdiriləcək yeni qurğunun yaradılmasına 2,9 milyard dollar investisiya yatırır.
“Regionda bu səviyyədə mürəkkəbliyə malik ilk layihələrdən biridir. Mürəkkəb geoloji şəraitdə hasilatın təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün yeni texnologiyalar tətbiq olunur. Texnologiya, investisiya və peşəkar insan resurslarının birləşdirilməsi enerji layihələrinin uğurunun əsas şərtlərindəndir”,- deyə o qeyd edib.