BQXK EHTİYAC İÇİNDƏ YAŞAYAN QADINLARI DƏSTƏKLƏYİR
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, təşkilatın prezidenti Yakob Kellenberger Beynəlxalq Qadınlar günü ərəfəsində yerlərdə aparılan əməliyyatlar nəticəsində qadınların zərif təbəqə olması barədə xəbərdarlığın əhəmiyyətli dərəcədə gücləndiyindən məmnun qaldığını bildirmişdir. O, hərbi münaqişələr zamanı əsir düşən qadınların rastlaşdıqları spesifik çətinliklərdən danışaraq, onların ehtiyaclarının ayrıca məsələ kimi müzakirəsinin vacibliyini diqqətə çatdırmışdır. Y.Kellenberger qadınlardan ibarət işçi heyətlə söhbət aparılmasının və cəmiyyətdə aşağı mövqe tutan, ictimai həyatdan uzaqlaşdırılmış qadınlarla işin əhəmiyyətini vurğulamışdır.
Xatırladaq ki, BQXK ehtiyac içində yaşayan qadınları dəstəkləyir, zərif cinsin yurd-yuvasından didərgin düşmüş nümayəndələrinin köməyinə yetişir, bu qəbildən insanlara tibbi yardım göstərir, həbsxanalardakı qadınlara baş çəkir, onların yaxınları ilə əlaqə yaratmalarına yardım edir.