Britaniyanın “City” Universitetində Xocalı Soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib
London, 25 fevral, AZƏRTAC
Britaniyanın “City” Universitetində Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı tədbir keçirilib.
Tədbirdə universitetin Azərbaycan Cəmiyyətinin sədri Azər Əsgərov Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Faicənin sözün əsl mənasında soyqırımı olduğunu diqqətə çatdıran A.Əsgərov Xocalıda yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini bildirib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Diplomat Xocalıda törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirib, bir çox ölkənin və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulayıb.
Kembric Univeristetinin müəllimi Declan Orielly təqdimatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsini elmi-praktiki, siyasi və iqtisadi cəhətdən ətraflı təhlil edib. Dünyadakı bütün münaqişələrin tezliklə həllini tapmasını arzu edib.
Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən sənədli film nümayiş olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London